Qadın haqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır.
Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq.
E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər.
Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.